Dekabrın 29-da Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin 30 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Anar Əliyev, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, məktəbin pedaqoji kollektivi, qocaman müəllimlər və şagirdlər iştirak etdilər.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədovanın aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirildi.
Sonra uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız bayram əhval-ruhiyyəsini artırdılar. Onlar tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara yeni ildə uğurlar və sevinc arzuladılar.
Daha sonra Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin 30 illik yubileyi münasibətilə hazırlanmış səsli təqdimatda məktəbin yaranma tarixi, ilk məüllimləri və qabaqcıl məzunları haqqında məlumat verildi. Bildirildi ki, XIX əsrin 60-70-ci illərində Kosalar kənd nümayəndəliyinə tabe olan Başkənd kəndində ilk məktəb yaradılmışdır. Təxminən 1920-ci ildən 1947-ci ilə qədər Başkənd məktəbi fasiləli olaraq ibtidai məktəb kimi fəaliyyət göstərmişdir. Həmin ibtidai məktəb Başkənd sakini Bahadur kişinin evində fəaliyyət göstərmişdir. İlk qadın müəllim 1947-ci ildə əmək fəaliyyətinə başlamış Validə müəllim olmuşdur.
1989-cu ilin sentyabr ayından etibarən Başkənd kənd ibtidadi məktəbi tam orta məktəbə çevrilmişdir. Məktəbin orta məktəbdən tam orta məktəbə çevrilməsində hal-hazırda Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinə rəhbərlik edən Başkənd kənd sakini Məmmədov Məhəmməd Ədil oğlunun böyük əziyyəti olmuşdur.
Xocalı rayon Başkənd kənd tam orta məktəbinin Azərbaycanın görkəmli şair oğlu Əli Kərimin adını daşıması, başda məktəbin direktoru Məhəmməd müəllim olmaqla, bütün Başkənd kənd ziyalılarının və kənd camaatının təşəbbüsü ilə mümkün olmuşdur. Məktəbin məhz Əli Kərim adını daşımasının əsaslı səbəbləri vardır. Birincisi, Göyçay rayonunun Qarabağın ağır günlərində o vaxtkı Nazirlər Sovetinin qərarı ilə Başkənd kəndinə hami rayon seçilməsi və göyçaylı igid oğlanların Qarabağ döyüşçüləri ilə çiyin-çiyinə vuruşmasıdır. İkincisi, Əli Kərim poeziyasına böyük sevgi və Əli Kərimin göyçayda doğulmasıdır.
Köçkünlük ilə əlaqədar Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi 23 il Gəncə şəhər, Kəpəz rayonu Hacıkənd qəsəbəsində fəaliyyət göstərmişdir. 2014-cü ilin dekabr ayında məktəb öz fəaliyyətini Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə davam etdirir.
Hal-hazırda məktəbdə 85 nəfər şagird təhsil alır. Şagirdlərin təhsili ilə 23 müəllim və pedaqoji işçi məşğul olur. 11 nəfər texniki işçisi var.
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin direktoru Məhəmməd Məmmədov çıxışında məktəbin 30 illik fəaliyyətindən söz açdı. Rəhbərlik etdiyi məktəbin tam orta məktəb adı almasından, görkəmli şair Əli Kərim adının verilməsindən, köçkünlük illərinin əvvəllərində məktəbin üzləşdiyi çətinliklərdən danışdı.
Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı Rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Xocal Rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Anar Əliyev çıxışlarında bildirdilər ki, rayonumuzun rəhbəri Şahmar Usubovun daim məktəblərimizin fəaliyyətinin yaxşı olması üçün tövsiyə və tapşırıqlar verir. Natiqlər təhsil sahəsini ölkənin inkişafının prioritetlərindən biri elan etmiş hörmətli Prezidentimiz İlham Əliyev təhsilimizi daim diqqət mərkəzində saxladığını vurğuladılar.
Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru İsmət Nəcəfov, Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin kollektivini əlamətdar gün münasibətilə təbrik etdilər, öz həmkarlarına şərəfli peşələrində uğurlar arzuladılar.
Qocaman müəllimlərdən Kamal Məmmədov və Vaqif Məmmədov peşə fəaliyyətinə başladığı günləri xatırlayıb kövrək hisslərlə təəssüratlarını dilə gətirdilər. Onları yaddan çıxarmayan məktəb rəhbərliyinə, şagirdlərə təşəkkür etdilər.
Çıxışlarda Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin fəaliyyətini doğma Başkənd kəndində davam etdirməsi arzusu dilə gətirildi.
Tədbir musiqi nömrələri ilə davam etdirildi.